“İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi
Axtar
 
  • / Maqazin / — 31 Avqust 2026

    “İki uşaq anasıyam, kimdir məni alan?“ -Renka

  • / Maqazin / — 11 İyul 2026

    “Mətbəxə girmirəm, maşın sürmürəm, saçımı daramıram“ - VİDEO

  • / Maqazin / — 11 İyul 2026

    Sevda Yahyayevanın qısa ətəyi tənqid olundu - VİDEO

  • / Maqazin / — 02 İyul 2026

    “Məni çadrada görmək istəyirlər“ - Tənqidlərə cavab verdi

  • / Maqazin / — 01 İyul 2026

    “Ər çörəyi yeyəndə kökələcəm“ - Azərbaycanlı model

  • / Maqazin / — 12 İyun 2026

    “Kişi məclislərinə bir şərtlə gedirəm” - Nigar Şabanova

Bakıda skuterlər təhlükəyə çevrilir: Nəzarət yetərlidirmi?

Tarix 12.09.26, 14:22

Font ölçüsü : - / +
bitmap-img6


Son vaxtlar skuterlərin iştirakı ilə baş verən qəzaların artması təhlükəsizlik məsələsini yenidən gündəmə gətirir. Sirr deyil ki, skuterdən istifadə edənlər arasında yeniyetmə və gənclər kifayət qədər çoxdur. Yeni tədris ilinin başlaması ilə skuterlərdən istifadənin də artacağı ehtimal olunur. Bəs artan istifadə fonunda skuterlərin təhlükəsizliyinə nə dərəcədə nəzarət edilir? Mövcud qaydalar və nəzarət mexanizmləri kifayətdirmi?

Bakı Şəhər Dövlət Yol Polisi (BŞDYP) İdarəsinin bölmə rəisi, polis mayoru Toğrul Nəsirli bildirib ki, BŞDYP tərəfindən kiçik elektrik nəqliyyat vasitələrinin iştirakı ilə baş verə biləcək yol-nəqliyyat hadisələrinin qarşısının alınması istiqamətində mütəmadi olaraq nəzarət-profilaktik tədbirlər həyata keçirilir: “Paytaxt ərazisində skuter idarə edənlərin sayı gündən-günə artır və bu da öz növbəsində qəza riskini yüksəldir. Belə nəqliyyat vasitələrini idarə edən bəzi şəxslərin yollarda xaotik hərəkət etməsi sürücülər, səkilərdə hərəkət etməsi isə piyadalar üçün ciddi təhlükə yaradır. Belə hallar yolverilməzdir. Mövcud qanunvericiliyin tələblərinə əsasən, skuterlər nəzərdə tutulmuş xüsusi yerlərdə, velosiped zolaqlarında, həmçinin yolun sağ zolağında, nəqliyyat axınına mane olmamaq şərtilə idarə edilməlidir”.

T.Nəsirli qeyd edib ki, DYP əməkdaşları tərəfindən qayda pozan kiçik elektrik nəqliyyat vasitələrinin sürücüləri aşkar edildikdə, barələrində İnzibati Xətalar Məcəlləsinin 338-ci maddəsinə əsasən inzibati protokol tərtib edilir: “DYP skuter sürücülərini yol hərəkəti və təhlükəsizlik qaydalarına riayət etməyə çağırır. Qaydalara əməl etməyən şəxslər barəsində qanunvericiliyə uyğun tədbirlər görüləcək”.

Nəqliyyat eksperti Eldəniz Cəfərov bildirib ki, skuter və ya elektrikli samokat sürən vətəndaş da yol hərəkəti iştirakçısıdır və bütün yol hərəkəti iştirakçıları kimi DYP-nin tələblərinə tabe olmalıdır: “Skuterlərə nəzarət mexanizmi mövcuddur və bu, qanunvericilikdə də təsbit olunub. Lazım gəldikdə polis əməkdaşları tənbeh edə, maarifləndirmə işi apara və cərimə tətbiq edə bilərlər. Bununla bağlı “Yol hərəkəti haqqında” qanuna dəyişiklik edilib, İnzibati Xətalar Məcəlləsində də cərimələrlə bağlı maddələr yer alıb”.

E.Cəfərovun sözlərinə görə, son dövrlər fərdi mobillik vasitələrinə maraq artıb və bu tendensiyanın gələcəkdə də davam edəcəyi gözlənilir: “Buna görə də əsas məqsəd onların istifadəsinin qarşısını almaq deyil, bu vasitələr üçün müvafiq şərait yaratmaq, qanunvericilik bazasını təkmilləşdirmək və nəzarəti gücləndirmək olmalıdır. Fərdi mobillik vasitələri şəhər mühitində alternativ nəqliyyat vasitəsi hesab olunur və xüsusilə gənclər tərəfindən istifadəsi nəqliyyatın şaxələndirilməsi baxımından müsbət nümunədir”.

Ekspert qeyd edib ki, skuter istifadəçilərinin yaş həddi ilə bağlı da qanuni tələb mövcuddur: “Yola çıxan skuter sürücüsünün yaşı ən azı 14 olmalıdır. Dəbilqə məsələsinə gəlincə, moped və motosiklet sürənlər üçün dəbilqə məcburidir, velosiped və elektrikli samokat sürənlər üçün isə belə tələb yoxdur. Bu məsələ ilə bağlı geniş müzakirələr aparılmalı və skuterlər üçün dəbilqənin məcburi olub-olmaması ayrıca qiymətləndirilməlidir”.

E.Cəfərovun sözlərinə görə, skuterlərin maksimal sürəti ilə bağlı da şəhər mühitinin xüsusiyyətləri nəzərə alınmalıdır: “Bəzi şəhərlərdə bu hədd saatda 25 kilometrdən çox deyil. Skuterlərin texniki olaraq daha yüksək sürətə çata bilməsinə baxmayaraq, şəhər daxilində icazə verilən sürət həddi təxminən bu səviyyədə müəyyənləşdirilir. Məktəb və universitetlərin ətrafında isə zərurət yarandığı halda əlavə sürət məhdudiyyətlərinin tətbiqi məsələsinə baxıla bilər”.

Qəza Əleyhinə Sürücülük Kurslarının məşqçisi Aqil Rəhimov hesab edir ki, son illərdə skuterlər çox böyük təhlükə yaradıb. Əvvəllər moped və motosiklet sürücülərindən narazılıq edilirdisə, hazırda skuterlərin idarə olunması daha ciddi narahatlıq doğurur: “İstər uşaqların, istər böyüklərin qarşı zolağa çıxması, avtomobillərin arasında şütüməsi, bir skuterdə iki nəfərin hərəkət etməsi və yollarda təhlükəli manevrlər etməsi həm sürücülər, həm də piyadalar üçün risk yaradır. Hətta parklarda belə insanlar skuterlərin yaratdığı təhlükədən rahat istirahət edə bilmirlər”.

A.Rəhimovun sözlərinə görə, bəzi ölkələrdə skuterlərin istifadəsi ilə bağlı müxtəlif məhdudiyyətlər tətbiq olunur və bu təcrübələr Azərbaycanda da müzakirə mövzusu ola bilər: “Məsələn, Kanada, Fransa və Yaponiyadakı yanaşmaları nümunə göstərmək olar. Yollara çıxan istənilən nəqliyyat vasitəsinin sürücüsü müəyyən hazırlıqdan keçməlidir”.

Ekspert qeyd edib ki, bütün skuter sürücülərinə avtomobil üçün nəzərdə tutulan sürücülük vəsiqəsinin verilməsi mümkün deyil, amma bunun əvəzinə ayrıca mexanizm yaradıla bilər: “Skuter idarə edən şəxslərin yol hərəkəti qaydalarını bilməsini və müəyyən hazırlıq keçməsini təmin edən sistem yaradılması təhlükəsizlik baxımından məqsədəuyğun olardı. Skuterlər getdikcə daha təhlükəli şəkildə idarə olunarsa, onların istifadəsinin qadağan edilməsi məsələsi də gündəmə gələ bilər”.

A.Rəhimovun sözlərinə görə, skuter sürücülərinin müxtəlif qəzalara düşməsi də problemin ciddiliyini göstərir. Ekspertin diqqət çəkdiyi digər məqam isə 13-14 yaşlı uşaqların valideynlərinin kartlarından istifadə edərək skuter icarəyə götürməsidir: “Valideynlər bu məsələdə nəzarəti gücləndirməli, Dövlət Yol Polisi isə 14 yaşdan aşağı uşağın skuter idarə etdiyini aşkar etdikdə, valideynlərin məsuliyyəti məsələsinə baxmalıdır. Məsələ kifayət qədər ciddidir və yaxın vaxtlarda bu istiqamətdə konkret addımların atılmasına ehtiyac var”.

Mənbə: "Kaspi" qəzeti



Xəbərin oxunma sayı : 319




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap