“Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO
Axtar
 
  • / Maqazin / — 02 Yanvar 2026

    “Bu, Aygün xanımın mənə böyük hədiyyəsidir“ - Namiq Qaraçuxurlu

  • / Maqazin / — 17 Dekabr 2025

    Ancelina Coli buna görə yarıçılpaq poz verdi - FOTO

  • / Maqazin / — 02 Dekabr 2025

    “Nə qədər bağlı geyinsəm də, deyəcəklər...” - Röya Ayxan

  • / Maqazin / — 01 Dekabr 2025

    Xalq artistinin bu geyimi müzakirə yaratdı - VİDEO

  • / Maqazin / — 28 Noyabr 2025

    Canlı yayımda müğənnilər arasında dava düşdü - VİDEO

  • / Maqazin / — 21 Noyabr 2025

    “Onun-bunun ərindən uşaq doğanlar...“ - Efirdə qalmaqal

İlahi Eşq: Əbədiyyətin sirri və ədəbiyyatın nəfəsi

Tarix 02.03.26, 18:12

Font ölçüsü : - / +
bitmap-img6


İnsan ömrünün ən qədim və təməl sualı sevgidir. İnsanı sevməyə hansı hiss sövq edir, insan niyə gözəllik qarşısında heyrətlənir? Bir baxış və ya bir səs nədən insanın qəlbində fırtına qoparır, onun sakit həyatının axarını dəyişir? Bu suallar bəşər düşüncəsini əsrlər boyu məğul edib.

Böyük sufi mütəfəkkir İbn Ərəbi sevgini yalnız insana aid hiss kimi deyil, varlığın kökü, aləmin səbəbi və məqsədi kimi təsvir edirdi. Onun sözləri ilə desək, Allah gizli bir xəzinə idi, bilinmək istədi və kainatı yaratdı. Yaradılışın fitrətində sevgi dayanır. İbn Ərəbinin “Füsusül-hikəm”, “Fütuhatül-Məkkiyyə” və poetik incilərlə süslənmiş “Tərcümanül-əşvaq” əsərlərində eşqin fəlsəfəsi Yaradanla yaradılanın qarşılıqlı əlaqəsi kimi şərh edilir. Böyük Şərq mütəfəkkiri göstərirdi ki, hər bir varlıq Allahın özünü seyr etmək istəyi nəticəsində yaranıb. Deməli, dünyada gördüyümüz hər bir gözəllik – dağın zirvəsi, çayın axarı, bir qızın gülüşü, bir şairin sözü – İlahi eşqin təzahürüdür. Biz yalnız pərdələr görürük, amma pərdələrin arxasında əbədi sevgili dayanır.

Sufi düşüncəsində eşq üçüzlü bir həqiqət kimi təqdim olunur: aşiq, məşuq və eşq. Aşiq – sevən insandır, məşuq – sevilən varlıq, eşq isə onların arasındakı görünməz bağdır. İbn Ərəbi isə deyirdi ki, bu üçlüyün arasında fərq yoxdur. Aşiq də, məşuq da, eşq də bir həqiqətin müxtəlif şəkilləridir. İnsanın sevdiyi zaman yaşadığı sirr budur: o, qarşısındakı gözəllikdə Allahı görür, lakin bunun fərqinə varmır. Bu təlim Azərbaycan ədəbiyyatında da geniş şəkildə öz əksini tapmışdır. Nəsimi  “Məndə sığar iki cahan” misrasında insanın ilahi həqiqəti öz içində daşıdığını söyləyirdi. Füzuli “Məni candan usandırdı” deyərkən bəşəri eşqin iztirabını göstərir. Bu iztirab İlahi eşqdən qaynaqlanır. Füzulidə eşqin ilahiliyi ilə gerçəkliyin təbiiliyi, ruhi məqamla canlı-fərdi stixiya arasında sintez var. Tanrı ilə, təbiətlə, zamanla vəhdət, səma və İlahi simvolikası – bütün bunlar insanın özünün İlahi “mən”inə və təbiətinə inamı sənətdə ifadə etməyin klassik üsuluna çevrilir. Bununla da Füzulidə İlahi amil digər gerçəkliklərlə bərabər üstün dəyərə çevrilir. Füzulu vəhdət vadisini Yerlə Göy arasında yaradır. Buna görə də şair İlahi eşq məkanında yaşayır və özünü Tanrı, dünya və təbiətlə vəhdətdə dərk edir. Şairin məşhur misrasında deyildiyi kimi: “Vadiyi-vəhdət həqiqətdə məqami eşqdir”.

Şəhriyar isə Vətən sevgisini eşqin ən uca mərhələsi kimi təqdim edirdi. Heç şübhəsiz, Azərbaycan poeziyasının bu böyük simaları İbn Ərəbinin eşq fəlsəfəsindən xəbərdar idilər və onun fikir dünyası bu şairlərin misralarına da öz nurunu saçır. İbn Ərəbinin təsvir etdiyi eşqin mərhələləri bunlardan ibarətdir: zat eşqi, sifət eşqi və əfəl eşqi. Zat eşqi Allahın öz zatına sevgisidir – bu əzəli və əbədi bir mərhələdir. Sifət eşqi Onun gözəllik, mərhəmət, qüdrət kimi sifətlərində təcəlli edir. Əfəl eşqi isə yaradılışda, insanda, təbiətdə, incəsənətdə öz əksini tapır. Bir ananın övladına sevgisi əfəl eşqidir, bir şairin poeziyada gözəlliyi ifadə etməsi sifət eşqidir, dua ilə yanan qəlbin duyğusu isə zat eşqinə bağlıdır. Şəhriyar yazırdı: “Vətən eşqi məktəbində can vermişik, ustadımız deyib heçdir Vətənsiz can, Azərbaycan”.

Bu misralar Vətən sevgisinin ən mükəmməl poetik ifadəsidir. Şəhriyar Azərbaycanın tarixi taleyinin tərcümanı idi və onun poeziyası bayrağımız kimi bu üç rəngdən ibarətdir: Vətən, dil və eşq. Coşqun təbinin Simurq quşu şairi irfanın Qaf dağına qaldıraraq gözlərinə İlahi nur bəxş etmişdir ki, bu əbədi, ölməz eşqi tərənnüm etsin.

Müasir Qərb dünyası eşqin bu sirrini, hikmətini unutdu. Orada eşq çox vaxt yalnız cismani münasibət, maddi istək və ya romantik ehtiras kimi başa düşülür. Bu da öz nəticəsini ailə institutlarının çöküşündə, insanların bir-birinə yadlaşmasında, sevginin ucuz, ötəri duyğulara çevrilməsində göstərir. Halbuki, İbn Ərəbi deyirdi: sevgidən kənar yol yoxdur, sevgini tapmayan Allahı tapa bilməz. Bu fikir həm də bugünkü dünyaya bir növ, xəbərdarlıqdır. Əgər eşq Allahdan qoparılarsa, insan da ruhunu itirəcək. Biz Azərbaycan cəmiyyətində sevgisizliyin simptomlarını müşahidə edirik. Boşanmaların çoxalması, ailə bağlarının zəifləməsi, gənclərin mənəvi boşluğa düşməsi, insanların aqressivləşməsi məhz sevgi hissindən uzaq düşməyin nəticəsidir. İbn Ərəbinin eşq fəlsəfəsi bizə deyir ki, ailə yalnız qan bağından ibarət deyil, o, ilahi eşqin təcəllisidir. Əgər ailədə sevgi yoxdursa,  hörmət də,  sədaqət də, o ailədən qaçaq düşəcək. Böyük mütəfəkkir sağlam cəmiyyət modelini hələ əsrlər öncə konseptual şəkildə təqdim edir. İbn Ərəbi Şərq İntibahının təməl daşlarını qoyan fikir və düşüncə adamıdır. İnsanın kamilliyə yetişməsinin müxtəlif yolları mövcuddur. İbn Ərəbi ən yüksək dərəcə kimi eşqi nişan verir. İlahi eşqi. Zühura gələn nə varsa, İlahi eşqin meyvəsidir. Bəşəriyyət hələ də İbn Ərəbinin bu əbədi ideyalarından bəhrələnir. İbn Ərəbidə fərdi emosional aləm, aşiq və məşuqun  hiss və həyəcanı hansı funksiyanı daşıyırsa, İlahi eşqdə də eyni rolu oynayır. İlahi eşq heç bir maddi formaya malik deyil. O, insanın ruhunda bərqərardır. Estetik ideal İbn Ərəbinin yaratdığı İlahi eşq iqlimində ən yüksək məqamına çatır.  

Bununla yanaşı, elm sevgisi də İbn Ərəbinin təlimində mühüm yer tutur. O, elmi mərifət adlandırır və deyirdi ki, Allahı tanımaq sevgidən doğur. Bilik eşqdir, çünki alim biliyi sevir, onun içində həqiqəti görür. Elmin müxtəlif növləri olduğu kimi, onu öyrənməyin də müxtəlif yolları var. Ruh yorulmadan elm əxz edir, biliklərə yiyələnir. Elm bilgiləri özünə hopduran ruhun dərkolunma vasitəsidir. Ruh məhz elmlə gözəlləşir. O kəslər ki, İlahi bilgilər nərdivanına ayaq qoyublar, Yaradan onları İlahi eşq mərtəbəsinə qaldırır. İlahi eşqi tapanlar isə əbədi xoşbəxtlik mənziləsindədirlər. Bu qəlblər fiziki dünyada möcüzələr yaratmağa qadirdir.

Maddi substansiya olan təbiəti sevmək də eyni mənbəyə bağlıdır – çünki təbiət Allahın yaratdığı gözəlliyin kitabıdır. Təbiətə baxmaq əslində ilahi həqiqətlə üz-üzə qalmaq deməkdir. İbn Ərəbi insanı mikrokosmos, kainatı isə  makrokosmos adlandırır. Təbiətdə olan hər xüsusiyyət insanda da var. İnsan təbiəti dərk etdikcə, özünü də dərk edir. Özünü dərk edən isə Allahı dərk edir. Bu baxımdan təbiət ilahi eşq yolunda bir məktəbdir. İbn Ərəbiyə görə bütün varlıq öz mənşəyinə qayıtmaq istəyir. Bu meyl eşqdir; toxum torpağa can atır, bitki günəşə yönəlir, çay dənizə doğru axır. Bu hərəkət sadəcə, fiziki deyil — metafizik məna daşıyır. Hər şey mənbəyinə qayıdır. İbn Ərəbi üçün təbiət ibadət məkanıdır, İlahi düşüncənin canlı kitabıdır, eşqin açıq ifadəsidir. Bu səbəbdən onun düşüncəsində təbiətə sevgi əslində ilahi təcəlliyə  inamın ifadəsidir. Təbiət İlahi eşqin zahiri formasıdır, kainatın hərəkət və yaradılış prinsipidir. Əgər İbn Ərəbidə təbiət metafizik sistemdirsə,

Füzulidə eşqin poetik düsturudur. Beləcə, İbn Ərəbi fəlsəfi və sistemli izah verir, Nəsimi – ontoloji və mistik üsyan ruhu ilə danışır. Füzuli isə – eşqi duyğu və iztirab vasitəsilə təqdim edir.

İbn Ərəbiyə görə Təbiət müqəddəsdir və Eşqin mənbəyidir.  Ona zərər vermək ilahi təcəlliyə sayğısızlıqdır. Bütün bəlaların kökündə insanın təbiətdən uzaq düşməsi dayanır. Məşhur ifadə ilə desək, təbiətə vurduğumuz zərbələrə görə o nə vaxtsa bizdən intiqamını alacaq. Axı insan özü də təbiətin bir parçasıdır və ondan ayrı yaşamağa qadir deyil. Təbiətə ziyan yetirən insan əslində özünə zərər vurduğunun fərqində deyil. Fərdlər bir nüansı dərk etməlidirlər ki, təbiət sadəcə, maddi resurs deyil, ona mənəvi dəyər qazandıran insan topluluqlarıdır. İbn Ərəbi bizə bu dəyəri ötürür və əslində insanlığın xilasının təbiətdə olduğuna işarə edir.

Musiqini sevmək, incəsənəti sevmək – bunların hamısı İlahi eşqin müxtəlif pərdələrdə görünməsidir. Təsəvvüfdə səma musiqi və zikr vasitəsilə ruhun coşması deməkdir. İbn Ərəbi səmanı qəbul edirdi, lakin şərt qoyurdu: musiqi nəfsi oyadırsa — təhlükəlidir. Ruhani şüuru oyadırsa — ilahi eşqə aparır.Onun fikrincə, musiqi insanın daxilində artıq mövcud olan eşqi hərəkətə gətirir. İbn Ərəbiyə görə, kainat ilahi kəlamın təzahürüdür, səs varlığın ilkin formalarından biridir, harmoniya kainatın quruluş prinsipidir. Bu baxımdan musiqi kainatın daxili harmoniyasının insan tərəfindən hiss edilməsidir. İbn Ərəbi deyir ki, ruh öz mənşəyini - ilahi aləmi - unutmur. Musiqi Ruhun ilkin birliyə dair xatirəsini oyadır, ayrılıq hissini gücləndirir, eşqi alovlandırır. Bu fikir sonradan Mövlanada daha poetik şəkildə ifadə olunur (neyin fəryadı kimi). Kainatda hər şey ritmlə hərəkət edir: ürəyin döyüntüsü, nəfəs, gecə və gündüzün dövranı, planetlərin hərəkəti. İbn Ərəbi üçün bu ritm ilahi nizamın əlamətidir. Musiqi isə bu kosmik ritmin insandakı əksidir.

 İlahi eşq sözlə tam ifadə edilə bilməz. Musiqi sözün və səsin çatmadığı yerdə danışır, məntiqə sığmır, birbaşa qəlbə təsir edir. Bu səbəbdən sufi məclislərində musiqi və şeir birlikdə istifadə olunurdu. bn Ərəbi musiqini metafizik prinsip kimi izah edir. Mövlana onu daha çox coşqu və eşq ekstazı kimi təqdim edir. Hər ikisində musiqi İlahi eşqin alovunu artıran vasitədir. Ruhun Yaradana doğru hərəkətini sürətləndirir. Ruhda olan praktiki qüvvə ondan aşağıda dayananla, yəni cismlə əlaqə yaratmaq və onu idarə etmək üçündür. Musiqi isə bu prosesdə ən əsas, həlledici vasitələrdən biridir. İbn Ərəbinin baxışında musiqi İlahi harmoniyanın insandakı əks-sədasıdır. O, ruhun mənşəyinə qayıdış istəyini oyadır, Eşqi şüurdan qəlbə endirir.

Musiqi sadəcə, sənət deyil,  İlahi eşqin səsə çevrilmiş formasıdır. İbn Ərəbi ruhun maddi aləmdən əvvəl ilahi aləmdə mövcud olduğunu qəbul edir. Ruh bu dünyada ayrılıq yaşayır, mənbəyini unutmur, qayıdış intizarındadır. Musiqi bu ayrılıq hissini dərinləşdirir. Məhz bu səbəbdən bəzi melodiyalar insanı izaholunmaz dərəcədə təsirləndirir. Bu təsir heç də estetik deyil, ontoloji xatırlamadır. Ruh öz vətənini xatırlayır, bu səbəbdən  musiqi qüssə gətirir. İbn Ərəbi deyir ki, musiqinin təsiri insanın daxili vəziyyətindən asılıdır. Qəlb safdırsa, musiqi ilahi eşqi artırır, nəfs güclüdürsə, musiqi şəhvət hissi oyadır. Yəni musiqi özlüyündə neytraldır. O, insanın daxilində olanı (istəkdən asılı olaraq) gücləndirir. İbn Ərəbinin sistemində İlahi təcəlli fasiləsizdir, varlıq daim yenilənir. Kainat sabit deyil, canlıdır. Musiqi isə bu canlılığın insan tərəfindən hiss olunan formasıdır.

Sevgi insan üçün mənəvi xəritədir. İbn Ərəbinin düşüncəsi yalnız fərdi sevgini yox, həm də kollektiv sevgini izah edir. Vətən sevgisi – İlahi eşqin millət səviyyəsində təzahürüdür. Bu sevgi yalnız torpağa bağlılıq deyil, həm də metafizik həqiqətdir. Şəhidin qanında, əsgərin cəsarətində, şairin misrasında bu eşqin izi var. Vətən eşqi – Allahın bizə bəxş etdiyi ən böyük imtahanlardan biridir. Bunlardan çıxan nəticə belədir: eşq həyatın hər qatında mövcuddur. İnsan sevgisi, ailə sevgisi, elm sevgisi, təbiət sevgisi, Vətən sevgisi – hamısı eyni mənbədən pərvəriş tapır. Əgər bu sevgilər bir-birindən ayrılarsa, həyatın təməli sarsılar, İlahi eşqdə cəm olarsa, insan da, cəmiyyət də bütöv və güclü olar. Bu günün oxucusu üçün əsas mesaj budur: eşqi ucuzlaşdırmaq olmaz. O, yalnız hiss deyil, həm də məsuliyyətdir. Həm ailə qarşısında, həm cəmiyyət qarşısında, həm də Allah qarşısında məsuliyyət. Əgər biz sevgini itirsək, əxlaq duyğusunu da itirəcəyik. Əxlaq duyğusu itərsə, millətin mənəvi dayaqları zəifləyəcək, mənəvi dayaqlar zəifləyəndə Vətən anlayışı təhlükə qarşısında qalır. Ona görə hamımız sevgini qorumalıyıq. İbn Ərəbinin məşhur sözlərini xatırlayaq: “Eşqin sonu yoxdur, çünki sevgili sonsuzdur. Hər vüslət yeni bir həsrətin başlanğıcıdır.” Bu həqiqət dünya ədəbiyyatının da, Azərbaycan poeziyasının da taleyini izah edir. Bütün böyük əsərlər sevginin tarixçəsidir. Biz eşqlə yaşadıq, eşqlə yaratdıq,  gələcəyimizin yollarını da yalnız eşqlə işıqlandıracağıq. 

Sevgi – insan həyatının ən sirli, ən təməl duyğusudur. Füzuli deyirdi: “Məndə Məcnundan füzun aşiqlik istedadı var.” Bu istedad yalnız insana verilmiş bir nemətdir və onun kökü yaradılışın sirlərinə bağlıdır. Böyük sufi mütəfəkkir İbn Ərəbi sevginin mahiyyətini izah edərkən, onu yalnız bir hiss deyil, həm də varlığın əsası, kosmik qanun kimi təqdim edirdi. Onun fikrincə, Allah aləmi məhz sevgidən yaratdı. Bu gün, XXI əsrdə, Azərbaycan cəmiyyətində ailə, əxlaq, gənclik, Vətən və insan münasibətləri böhranlı sınaqlardan keçir. Elə bu məqamda İbn Ərəbini dinləməyə böyük ehtiyac duyulur. Onun “ilahi eşq” fəlsəfəsi öznüdə həm qədim irfan işığını daşıyır, həm də bugünkü insanın həyatla bağlı suallarına cavab axtarır. İlahi Eşqin fəlsəfi mahiyyəti haqda İbn Ərəbi belə deyirdi: “Gizli bir xəzinə idim, bilinmək istədim, yaratdım ki, tanınım.” Bu hədisə əsaslanaraq o izah edirdi ki, yaradılışın kökü sevgidir. Allahın özünü tanıtmaq arzusu – ilahi eşqin başlanğıcıdır. Bu konsepsiyada üç həqiqət var: 1. Aşiq – sevən, axtaran (insan). 2. Məşuq – sevilən, hədəf (Allah). 3. Eşq – onların arasında körpü missiyasını daşıyan nur. Əslində, İbn Ərəbiyə görə bu üçlük bir-birindən ayrı deyil; hamısı bir həqiqətin müxtəlif görüntüləridir. Bu düşüncə fəlsəfi baxımdan Vəhdətül-vücud — varlığın birliyi nəzəriyyəsinə əsaslanır.

Eşqin mərhələləri. İbn Ərəbi ilahi eşqin inkişafını üç mərhələ ilə izah edir: • Zati eşq – Allahın zatına olan sevgisi; yaradılışdan əvvəl mövcud idi. • Sifati eşq – Allahın sifətlərində (gözəllik, kamillik, mərhəmət) təcəlli edən sevgi. • Əf’ali eşq – yaradılmışlarda, təbiətdə, insanda, musiqidə, sənətdə görünən sevgi. Müasir insan bu mərhələləri gündəlik həyatında hiss edə bilər: valideyn övladını qucaqlayanda əf’ali eşq təzahür edir; şair gözəlliyi sözlə ifadə edəndə sifati eşq boylanır; dua edən insanın qəlbində isə zati eşqin sədası eşidilir.

Sevgi və ailə dəyərləri. Azərbaycan əxlaqının bünövrəsi ailədir. Ailə isə yalnız qan bağı ilə deyil, sevgi ilə var olur. Əgər ailədə məhəbbət yoxdursa, o ailə dağılmağa məhkumdur. İbn Ərəbi deyirdi ki, Allah bəndəsini iki cür sevər: nemətlə və sınaqla. Bizim ailələr də bu iki halı yaşayır. Bəzən xoşbəxtliklə, bəzən çətinliklə, amma həmişə sevgini qorumaq şərtilə möhkəmlənirlər. Bu gün boşanmaların artması, ailə münasibətlərində məsuliyyətin azalması, övladların diqqətsiz qalması yalnız sosial problem deyil. Bu, həm də mənəvi böhranın göstəricisidir. Çünki ailə İlahi eşqin dünyadakı ən böyük təcəllisidir.

Əxlaqın kökü və müasir böhran. Əxlaq sevgisiz mövcud ola bilməz. Qonşuya yaxşılıq, qocaya hörmət, yetimə mərhəmət, millətə sədaqət —  sevgidən doğur. Müasir Azərbaycan cəmiyyəti bəzən bu sevgini unudur. Maddiyyatın, rəqabətin, qürurun içində mərhəmət azalır. İnsanlar bir-birinə yadlaşır, gənclər ruhi boşluğa yuvarlanır. Bu, İbn Ərəbinin dediyi “eşqdən uzaq düşmək” halıdır. Əgər sevgini itirsək, əxlaqı da itirəcəyik. Əxlaq itəndə isə cəmiyyət dağılır. Bu təlaşlı həqiqəti görmək və oxucunu silkələmək zamanıdır: Biz hansı cəmiyyətə çevrilirik?

İlahi eşq və Vətən sevgisi. Azərbaycan tarixində ən böyük dəyər Vətən sevgisidir. Bu eşq sadəcə siyasi bir duyğu deyil, İlahi eşqin millət səviyyəsində təzahürüdür. Qan verən şəhidin ruhunda, torpağını qoruyan əsgərin qəlbində, dilini sevən şairin misrasında — hamısında İlahi eşq yanır. Bu eşq milləti yaşadır, tarixi əbədi edir. Ona görə də Vətən sevgisi təkcə vətəndaşlıq borcu deyil, həm də ilahi bir əmrdir.

Müasir insana mesaj. Bugünkü gənclər çox vaxt sevgini ani, ötəri hisslərdə, keçici emosiyalarda, sosial şəbəkələrin azdırıcı təsirində axtarır. Halbuki, həqiqi sevgi — İlahi eşqin yoludur. O, sadəcə hiss deyil, həm də məsuliyyətdir. Həm ailə qarşısında, həm millət qarşısında, həm də Allah qarşısında məsuliyyət. İbn Ərəbi bu gün yaşasaydı, bəlkə də belə deyərdi: “Sevgini ucuzlaşdırmayın. Sevgini əxlaqla, ailə ilə, Vətənlə birləşdirin. Sevgini itirsəniz, həm özünüzü, həm də xalqınızı itirəcəksiniz.”

Sevginin sonsuzluğu. İbn Ərəbi yazırdı: “Eşqin sonu yoxdur, çünki sevgili sonsuzdur. Hər vüslət yeni bir həsrətin başlanğıcıdır.” Bu həqiqət Azərbaycan xalqının bütün tarixi mərhələlərində boy göstərir. Biz torpaq həsrəti ilə yanmışıq, azadlıq sevgisi ilə ayağa qalxmışıq, poeziya və musiqi ilə gözəllik eşqini yaşatmışıq. Bu gün isə bizim üzərimizə düşən öhdəlik İlahi eşqi ailəmizdə, əxlaqımızda, gəncliyimizdə, dövlətimizdə qorumaqdan ibarətdir. Çünki sevgi olmadan əxlaq yoxdur. Əxlaq olmadan millət yoxdur. Millət olmadan Vətən yoxdur. Vətənsiz insan isə öz mahiyyətindən uzaq düşmüş canlıdır.

Adəm İsmayıl Bakuvi





Xəbərin oxunma sayı : 184




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap