“Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO
Axtar
 
  • / Maqazin / — 09 İyun 2025

    “Ailə qurmaq istəyirəm” - Pərvin Abıyev

  • / Maqazin / — 04 İyun 2025

    “Uşağımı subay kişidən doğmuşam“ - Vəfa Şərifova

  • / Maqazin / — 17 May 2025

    Aygün Kazımovanı heç belə görməmişdiniz - VİDEO

  • / Maqazin / — 13 May 2025

    Afaq transparan libasda kamera qarşısına keçdi - VİDEO

  • / Maqazin / — 12 May 2025

    Nəsrin Cavadzadə transparan libasda - FOTOLAR

  • / Maqazin / — 11 May 2025

    Müğənni Mehindən çimərlik geyimində paylaşım - VİDEO

Kazinoların leqallaşması gündəmdə: Azərbaycan turizmi üçün yeni fürsət

Tarix 22.06.25, 14:39

Font ölçüsü : - / +
bitmap-img6


Azərbaycanda uzun illərdir qadağan olunan kazino fəaliyyəti yenidən ictimai və iqtisadi müzakirələrin mərkəzindədir. Qeyri-neft sektorunun inkişafına və turizmin əsas prioritet sahəyə çevrilməsinə yönəlik son strategiyalar fonunda kazinoların yenidən leqallaşdırılması məsələsi aktuallaşır. Mütəxəssislər bu addımın həm iqtisadi, həm də sosial nəticələri baxımından əhəmiyyətli müzakirələr doğuracağını deyirlər.

Dünyada kazino sənayesi sürətlə böyüyür. 2023-cü ildə bu sektorun ümumi dövriyyəsi 540 milyard dollar təşkil edib. 2024-cü ildə bu rəqəm artıq 580 milyard dollara çatıb. Proqnozlara görə, 2028-ci ilə qədər bu göstərici 745 milyard dollara yüksələcək. Bu da kazinoların qlobal iqtisadiyyatda nə qədər mühüm yer tutduğunu göstərir.

Azərbaycanla müqayisədə əhali və ərazi baxımından kiçik olan Gürcüstan turizm gəlirlərinə görə daha öndədir. Bunun əsas səbəblərindən biri isə kazino biznesinin tam leqallaşdırılmasıdır. 2024-cü ildə Gürcüstanda kazino sektorunun dövriyyəsi 28 milyard dollara çatıb və bu sahədə 20 mindən çox insan çalışır. Bu gəlirlərin əhəmiyyətli hissəsi isə xarici müştərilər, o cümlədən Azərbaycan vətəndaşlarının hesabına formalaşır.

Qazaxıstanda 2023-cü ildə qumar və mərc fəaliyyətindən əldə olunan gəlir 2,85 milyard dollar olub və bu sektordan dövlət büdcəsinə 245 milyon dollar vergi ödənilib.

Özbəkistan isə 2025-ci ildən lisenziyalı kazino fəaliyyətinə icazə verməyə başlayıb. 2023-cü ildə ölkə vətəndaşlarının yalnız onlayn oyunlara xərclədiyi vəsaitin qeyri-rəsmi hesablamalara görə 7–8 milyard dollar olduğu qeyd olunur.

1998-ci ildən etibarən Azərbaycanda kazinoların fəaliyyəti qanunla qadağan edilib. Bu addımın əsas motivi sosial sabitliyi qorumaq olsa da, mütəxəssislər hesab edir ki, ölkə iqtisadiyyatı bununla potensial milyardlarla dollar gəlirdən imtina edib.

Azərbaycan Hotellər və Restoranlar Assosiasiyasının sədri Samir Dübəndinin sözlərinə görə, kazino ətrafında böyük hotel biznesi formalaşır: “Kazinolar yalnız qumar üçün deyil, həm də qidalanma, yerləşmə və əlavə xidmətlərdən gəlir əldə edən komplekslərə çevrilir. Bu sahənin tənzimlənməsi mexanizmləri, hüquqi bazası formalaşdırılsa, iqtisadi baxımdan böyük faydası ola bilər”.

İqtisadçı Natiq Cəfərli bildirir ki, kazinoların yalnız seçilmiş turizm bölgələrində və xaricilər üçün nəzərdə tutulması məsələsi ciddi şəkildə nəzərdən keçirilməlidir: “Qumar oyunlarına meyilli insanlar onsuz da qonşu ölkələrə üz tuturlar. Əgər bu fəaliyyət Azərbaycan daxilində leqallaşdırılsa, həm iş yerləri yaradılar, həm də valyuta ölkədə qalardı. Amma sərt qaydalar vacibdir – Las-Veqasda olduğu kimi, yaş həddi, lisenziya məhdudiyyəti və ciddi nəzarət sistemi qurulmalıdır”.

İqtisadçı ekspert Xalid Kərimli də kazinoların bərpasının Azərbaycanın turizm və iqtisadi imkanlarına töhfə verəcəyini düşünür: “Əgər biz turist ölkəsi olmaq istəyiriksə, əyləncə sektorunda da liberallaşma olmalıdır. Gürcüstanda bu addım özünü doğruldub, ölkəyə turist axını sürətlə artıb. Azərbaycanda da kazinolar paytaxtdan kənarda, turistik bölgələrdə, məsələn, Qəbələ, Naftalan və ya Naxçıvan kimi yerlərdə fəaliyyət göstərə bilər”.

Ekspertlər qeyd edirlər ki, kazinoların fəaliyyətə başlaması üçün ciddi hüquqi çərçivə yaradılmalı, ictimaiyyətə açıq şəkildə izah olunmalıdır. Qumar fəaliyyətinin tənzimlənməsi və sosial nəzarətin gücləndirilməsi məsələləri əsas prioritetlərdən biri olmalıdır.

Dünyada və regionda kazino sənayesindən əldə olunan gəlirlər milyardlarla ölçülür. Azərbaycan isə bu imkanlardan hələ də tam şəkildə yararlana bilmir. Turizmi inkişaf etdirmək və qeyri-neft sektoruna yeni nəfəs vermək üçün kazinoların leqallaşdırılması bir alternativ kimi gündəmə gətirilir. Lakin bu qərarın qəbulunda sosial məsuliyyət, hüquqi baza və ictimai konsensus kimi vacib məqamlar da nəzərdən qaçırılmamalıdır.

Müzakirələr fonunda Azərbaycanın Milli Məclisində də bu istiqamətdə konkret addımlar atılıb. Qanunvericilikdə edilən dəyişikliklərə əsasən, Azərbaycanda kazino fəaliyyətinə yalnız xüsusi şərtlər altında və müəyyən məkanlarda icazə veriləcək. Qanun layihəsində dəyişikliyə görə, kazino oyunları yalnız süni torpaq sahələrində – yəni dənizdən və ya digər təbii olmayan sahələrdən qazanılmış ərazilərdə təşkil edilə bilər.

Qanun layihəsində qeyd olunur ki, bu oyunların təşkili və keçirilməsi yalnız müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qurumun razılığı və nəzarəti ilə, xüsusi lisenziya əsasında həyata keçiriləcək. Kazinoların yerləşəcəyi məkanlar isə təhsil və mədəniyyət müəssisələrindən, yaşayış ərazilərindən uzaqda olmalıdır. Lisenziyalar məhdud sayda və yalnız turizm infrastrukturunun mövcud olduğu regionlara veriləcək.

Bu məqsədlə Mülki Məcəllə, Cinayət Məcəlləsi, İnzibati Xətalar Məcəlləsi, eləcə də altıdan çox qanunda dəyişikliklər nəzərdə tutulur. Qanun layihəsi artıq Milli Məclisin plenar iclasında birinci oxunuşda qəbul olunub. Növbəti mərhələlərdə layihəyə əlavə düzəlişlərin ediləcəyi də gözlənilir.

Beləliklə, Azərbaycanın iqtisadi strategiyasında turizmə verilən üstünlük, kazino biznesinin hüquqi tənzimləməsi ilə yeni mərhələyə keçə bilər. Lakin bu qərarın tətbiqi zamanı həm gəlirlər, həm də risklər nəzərə alınmalı, balanslı və məsuliyyətli yanaşma əsas götürülməlidir.

Musavat.com



Xəbərin oxunma sayı : 430




Sosial

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap