Hülya Avşar pozitiv olmağın sirlərini açıqladı - VİDEO Aygün Kazımova və Hadisədən sonra Gülay... - Fotolar Sevda Sanəliyeva ərə gedir - Üçüncü dəfə İstədiyim məbləği versələr lüt soyunaram - Afaq
Axtar
 
  • / Maqazin / — 22 Yanvar 2023

    Hülya Avşar pozitiv olmağın sirlərini açıqladı - VİDEO

  • / Maqazin / — 13 Yanvar 2023

    Aygün Kazımova və Hadisədən sonra Gülay... - Fotolar

  • / Maqazin / — 12 Yanvar 2023

    Sevda Sanəliyeva ərə gedir - Üçüncü dəfə

  • / Maqazin / — 11 Yanvar 2023

    İstədiyim məbləği versələr lüt soyunaram - Afaq

  • / Maqazin / — 06 Yanvar 2023

    “Mənimlə rəqabət aparanın ağlı yoxdur” - Roza

  • / Maqazin / — 02 Yanvar 2023

    Röya iki fərqli obrazda - FOTO

“Akula Akif“ Mahmudovun generalının məhkəməsində üzə çıxdı – Vəkil hakimlərə etiraz etdi

Tarix 06.12.22, 14:54

Font ölçüsü : - / +
bitmap-img6


Bakı Apelyasiya Məhkəməsində hakim İlqar Murquzovun sədrliyi ilə Milli Təhlükəsizlik Nazirliyinin (MTN 2015-ci ildə ləğv olunub – E.M ) İstintaq Baş İdarəsinin sabiq rəisi general-mayor Mövlam Şıxəliyevin apelyasiya şikayəti üzrə məhkəmənin hazırlıq iclası davam etdirilib.

Dekabrın 22-də baş tutan ilkin iclasda Mövlam Şıxəliyevlə bərabər hakim qarşısına 2-ci şöbənin rəisi Vüsal Ələkbərov, İbtidai istintaq idarəsinin rəis müavini Yasin Məmmədov və şöbə rəisinin müavini olmuş Sahib Ələkbərov çıxarılıblar. Hər 4 şəxs hazırda həbsdədir və məhkəmə zalında şüşə qəfəsdə əyləşdirilirlər. Məhkəmə nəzarətçilərinin müşayəti ilə məhkəmə zalınan gətirilən məhkum olunmuş şəxslərin qoluna qandal vurulmur.

Beynəlxalq axtarışda olan “Akula Akif” Mövlam Şıxəliyevin məhkəməsinə vəkil göndərdi

İlkin iclasda hakim İlqar Murquzov məhkum olunmuş şəxslərə və zərərçəkənlərə hüquqlarını izah edib.

Bundan sonra məhkəmə katibi proses iştirakçıları barədə məlumat verib. Məlum olub ki, hazırda beynəlxalq axtarışda olan Akif Mustafayev də iş üzrə maraqlı şəxs qismində çıxış edir. Onu iclasda nümayəndəsi Cavanşir Hüseynov təmsil edib. “Akula Akif” ləqəbli, adı mətbuatda Eldar Mahmudovun şəxsi əlamanı kimi hallanan Akif Mustafayev Mövlam Şıxəliyevin və digərilərinin işinə aidiyyatı məsələsi açıqlanmayıb. Zərərçəkənlər bu məsələni qaldırsalar da, hakim hazırlıq iclasında bu məsələyə baxılmadığını bildirib.

Mövlam Şıxəliyevin vəkilindən hakimə etiraz – İşə təyyarə sürəti ilə baxırsız

Açıklama yok.

Hakim İlqar Murquzov tərəflərin məhkəmə tərkibinə etirazlarının olub-olmaması məsələsini də araşdırıb. Mövlam Şıxəliyevin vəkili Ceyhun Yusifov məhkəmə tərkibinə etirazlarının olduğunu açıqlayıb.

Cinayət Prosessual Məcəlləsinin 109-cu maddəsinə istinad edən vəkil hakimin cinayət prosesində maraqlı tərəf olmasını təsdiq edən mötəbər sübutların olmasının əsas götürüldüyünü və qeyd-şərtsiz təmin edilməli olduğunu vurğulayıb.

Vəkil hakimin işi “təyyarə sürəti” ilə apardığını diqqətə çatdırmaqla, hakim İlqar Murquzovun uzun illər Respublika Prokurorluğunda işlədiyin, hazırda onun oğlu Emil Murquzov Respublika Prokurorluğunun Dövlət İttihamının Müdafiəsi üzrə İdarədə çalışdığını bildirib.

Vəkil deyib ki, hakimin məhkəməni sürətli şəkildə aparması onun iradəsindən kənardır. Vəkil sədrlik edən hakimə etirazın faydasız olduğunu bildirməklə məhkəmə tərkibinə etiraz etdiklərini açıqlayıb.

Vəkil Bakı Apelyasiya Məhkəməsinin sədri Mübariz Əkbərova ünvanladığı etirazı hakimə təqdim edib.

Hakim İlqar Murquzov etiraza tərəflərin münasibətini öyrənmək üçün ilk olaraq Mövlam Şıxəliyevə müraciət edib.

Mövlam Şıxəliyev vəkilinin təqdim etdiyi etirazın yalnız sədrlik edənə münasibətdə dəstəklədiyini bildirib:

-Siz Respublika Prokurorluğunun işçisi olmusunuz. Hazırda da oğlunuz Respublika Prokurorluğunun işçisidir. 2015-ci ildən 2021-ci ilin aprelin 5-nə qədər, mən həbs edilənə qədər mənim işim üzrə istintaqı aparan müstəntiq Mehdi Mirzəyev Bakı Hərbi Məhkəməsinə müraciət təqdim edib. Həmin müraciətində Mehdi Mirzəyev bildirib ki, öz vicdanının səsi ilə məhkəməyə müraciət edir, Mövlam Şıxəliyevin istintaqını 6 il müdətində mən aparmışam, onun əməlində heç bir cinayət tərkibi olmadığına görə cinayət məsuliyyətinə cəlb olunmayıb. Həmin müraciətin bir kopyasını vəkillərim xüsusi məlumat qaydasında cənab prezidentə göndəriblər, bir nüsxəsini çox hörmətli Fuad Ələsgərova göndərmişəm. Bununla əlaqədar ombudsmana müraciət etmişəm. Məhkəmə Hüquq Şurasının sədrinə və şəxsən sizə müraciə etmişəm. Baş Prokurorluqda gedən istintaq zamanı heç bir sübut, heç bir dəlil əldə edilməyib.

Hakim:

-1 dəqiqə, dediz ki, şəxsən sizə müraciət etmişəm. Belə şey olmayıb axı...

Mövlam Şıxəliyev:

-Sizə göndərmişəm.

Hakim:

-O, başqa şeydir. İkincisi, etiraz verilib tərkibə.

Mövlam Şıxəliyev:

-Mənim etirazım şəxsən sizədir. Oğlunuz Baş Prokurorluğun İttiham İdarəsində işləyir, özünüz də uzun illər Baş Prokurorluqda işləmisiz. Baş Prokurorluq da mənə qarşı qərəzli istintaq aparıb, ehtimallarla, fərziyyələrlə ittiham aktı tərtib ediblər. Bu zalda ittihamçı prokuror əyləşib, əgər bircə epizod üzrə bircə sübut təqdim eləsə mən ittihamla razıyam.

Hakim:

-Müdafiəçiniz tərkibə etiraz edir, siz də deyirsiz ki, tərkibə yox, mənə etiraz edirsiz.

Vəkil Ceyhun Yusifov:

-İcazə verin yaxınlaşıb, mövqeyi dəqiqləşdirim.

Vəkil müvəkkilinə yaxınlaşdı və məsləhətləşdi. Bundan sonra yalnız sədrlik edən İlqar Murquzova etiraz etdiklərini bildirdi.

Mövlam Şıxəliyev: “Məni sifarişlə həbs ediblər”

Açıklama yok.

Bundan sonra Mövlam Şıxəliyev çıxışını davam etdirdi:

-Hörmətli sədr, bu işin qeyri-adi istintaq olunmasını siz araşdırma zamanı görəcəksiniz. Xahiş edirəm ki, məhkəmə tam istintaqala aparılsın. Məni sifarişlə həbs ediblər.

Hakim:

-Bu məsələ müzakirə olunmur.

Mövlam Şıxəliyev:

-Xahiş edirəm dinləyin. Burada zərərçəkən kimi tanınan iki zərərçəkən də məhkəmə zalında dedilər ki, Mövlam Şıxəliyev sifarişlə tutulub. Bunlardan biri Hüseyn Səfərov, o biri də Akif Qurbanov. Əgər ittiham tərəfində bircə sübut varsa, ortaya qoysunlar...

Hakim:

-Mövlam Şıxəliyev, biz araşdırmaya başlamamışıq. Sizin vəkiliniz etiraz verib. Etiraz müzakirə olunur.

Zərərçəkənlər Mövlam Şıxəliyevin vəkilinin təqdim etdiyi etirazın təmin edilməməsini istəyiblər.

Mövlam Şıxəliyevin “podelnik”ləri ona qarşı çıxdı

Mövlam Şıxəliyevlə müttəhimlər kürsüsünü bölüşən, sabiq işçiləri olan şöbə rəisləri Yasin Məmmədov, Sahib Ələkbərov və Vüsal Ələkbərov da etiraza qarşı çıxıblar, etirazın təmin edilməməsini istəyiblər.

Bu zaman Mövlam Şıxəliyevin sabiq işçilərinə nifrətlə baxması da diqqətlərdən yayınmayıb.

Verilmiş etiraza baxmaq üçün hakimlər Həsən Əhmədovla Habil Məmmədov müşavirə otağına yollanıblar. Hakim İlqar Murquzov isə məhkəmə zalında etirazla bağlı qərarı gözləməli olub.

Zərərçəkən Hüseyn Səfərov yaranmış fasilə zamanı üzünü məhkumlara tutaraq Şəmkirin sabiq icra başçısı Alimpaşa Məmmədov kimi cinayətlərini etiraf etməyə çağırıb:

-Sizlər də böyük cinayətlər eləmisiz. Çıxın, cənab prezidentə deyin ki, xəyanət etmisiz. Siz burada bir-birinizi ittiham edib bizə qarşı cinayətləri bir-birinizin üstünə atırsız. Durun etiraf edin. Mənə xəbər göndərirsiz, yalan deyirsiz ki, etiraf edəcəyik. Mən də gedib zərərçəkənlərə yalan danışıram. Belə şey olar? Məni Mövlam Şıxəliyev aldadır, mən də məcburam ki, bu sözləri onun yanında deyim ki, zərərçəkənlər hamı eşitsin.

Əlimdə səs yazıları da var. Yutuba, Tiktoka da qoyacağam, hakimə də verəcəyəm. Gəlin, cavab verin. Məni yollayırlar Eldar Mahmudovun qapısına ki, get ora, Eldar Mahmudov vurulan ziyanı ödəyəcək. Axırda üçüncü dəfə gedəndən sonra Eldar Mahmudovun özü məcbur olub qəbul etdi. Mən bu məsələni də məhkəmədə açacağam. Bu məsələlər elə belə bitmir ki!

Müşavirə otağından qayıdan hakimlər Mövlam Şıxəliyevin vəkilinin təqdim etdiyi etirazın təmin edilmədiyini açıqlayıblar.

“Arvadı da, qızı da, oğlu da cinayət yolu ilə əldə olunmuş mal-mülkün leqallaşmasında birbaşa iştirak ediblər”

bitmap-img6

Bundan sonra hakim tərəflərdən apelyasiya şikayətlərinə dair mövqelərini soruşub, müdafiə edib-etmədiklərini öyrənib. Hər kəs verdiyi şikayəti müdafiə etdiyini açıqlayıb. Zərərçəkən Zaur Əliyev bildirib ki, iş üzrə Mövlam Şıxəliyevin ailə üzvləri – oğlu Elgün Şıxəliyev, qızı Samirə Əliyeva və həyat yoldaşı Aybəniz Şıxəliyeva da məhkəməyə apelyasiya şikayət təqdim ediblər. Lakin hazırlıq iclasına qatılmadıqlarından, vəkilləri də iştirak etmədiyindən onların mövqeyi bəlli deyil. Zərərçəkən hakimdən bu məsələ aydınlıq gətirilməsini xahiş edib.

Hakim bildirib ki, ilkin iclas olduğundan hazırda işin prosessual tərəfləri müzakirə olunmur. Bununla belə hakim izah edib ki, hər üç şəxsin şikayətləri əmlak məsələsi ilə bağlı olduğundan apelyasiya şikayətləri də məhkəmə baxışında müzakirə olunacaq və baxılacaq. Həmin şəxslər birbaşa cinayət prosesin tərəfləri deyil. Onlar ayrı-ayrılıqda əmlakla bağlı şikayət veriblər.

Zərərçəkən Hüseyn Səfərov:

-Hörmətli hakim, dediniz ki, ailə üzvləri cinayət prosesin birbaşa tərəfi deyil. Əslində isə onlar tərəfdirlər. Arvadı da, qızı da, oğlu da cinayət yolu ilə əldə olunmuş mal-mülkün leqallaşmasında birbaşa iştirak ediblər. İndi də heç bir əsas olmadan şikayət yazıblar. Haradan alıblar o boyda pulu o əmlakları almağa?

Hakim:

-Biz hazırda məhkəmənin aparılma qaydaları ilə bağlı izah veririk. Yekun qərarı biz müşavirə otağında verəcəyik.

Akif Mustafayevin vəkili də apelyasiya şikayəti ilə bağlı fikir bildirmək istədi. Hakim məhkəmə iclasında bu məsələnin müzakirə ediləcəyini bildirdi.

Bundan sonra vəkil Osman Kazımov məhkəməyə vəsatət təqdim etdi. Vəkil bildirdi ki, buna qədər iş üzrə zərərçəkən, dünyasını dəyişmiş Cahangir Məmmədovun hüquqi nümayəndəsi olaraq prosesdə qardaşı Arif Məmmədov təmsil edib. Vəkil mərhum Cahangir Məmmədovun həyat yoldaşı Yeganə Məmmədovanın hüquqi varis olaraq tanınmasını, Arif Məmmədovun hüquqi varis kimi fəaliyyətinə xitam verilməsini xahiş etdi.

Məsələ müzakirə olundu. Arif Məmmədovun vəkili vəsatətin təmin olunmamasını xahiş etdi. Bildirdi ki, Yeganə Məmmədovanın məhkəmədə hüquqi varis olaraq tanınmasına mənəvi haqqı yoxdur. Vəkil fikrini bununla əsaslandırdı ki, Cahangir Məmmədov MTN həbsdə olarkən onun azad edilməsi tələb olunan məbləğin yalnız 3 min 600 manat hissəsini həyat yoldaşı verib, yerdə qalan 74 min 400 manatı isə qardaşı Arif Məmmədov verib. Sonradan borcu qaytarmaq üçün Cahangir Məmmədov evini satmaq istəyib, həyat yoldaşı isə buna razı olmayıb.
Vəkil Osman Kazımov bildirib ki, qanunvericiliklə həyat yoldaşının məhkəmədə hüquqi varis kimi tanınmasını məhdudlaşdırmaq olmaz.

Yeganə Məmmədova isə bildirib ki, Cahangir Məmmədovun MTN-dən azad edilməsində qardaşı Arif Məmmədovun heç bir rolu olmayıb. Hər dəfə də Cahangiri təhqir edirdi. O pulun verilməsində birbaşa özüm iştirak etmişəm. Mən MTN-nə təşəkkür edirəm. Arif isə bunun əleyhinə idi. Yasin Məmmədov, Mövlam Şıxəliyev pul müqabilində olsa belə, Cahangiri ailəsinə qaytardılar. MTN pul müqabilində olsa da, Cahangiri ailəsinə qaytardı, buna görə onlara təşəkkür edirəm.

Sahib Ələkbərovun təhqiramiz davranışına qiymət verilsin!

Bundan sonra zərərçəkən Qulam Bağırov vəsatətlə çıxış etdi. O, məhkum Sahib Ələkbərovun tanışlıq iclasında ona, məhkəməyə qarşı əxlaqi normalara sığmayan, təhqiramiz davranışlarına görə cəzalandırılmasını, tənbeh edilməsini istədi. Hakim isə bildirdi ki, insident fasilə zamanı olduğundan aidiyyəti orqana müraciət olunmalıdır.

Qulam Bağırov isə məhkəmə zalında baş vermiş insidentə görə polisə şikayət etməyin ağlasığmaz olduğunu söylədi. Bildirdi ki, dediklərini sübut etmək üçün məhkəmə zalındakı kameraların yaddaşına baxılması kifayətdir.

Məhkum Sahib Ələkbərov isə deyib ki, Qulam Bağırovun ona təklifinə cavab verib.

Bundan sonra hakim işin məhkəmə baxışına təyin edilməsinə tərəflərin fikrini öyrənib.

Yasin Məmmədovun vəkili Əli Adıgözəlov 1 etiraz və 2 vəsatətinin olduğunu məhkəmənin diqqətinə çatdırıb.

Vəkil dövlət ittihamçısının təqdim etdiyi protestə etiraz etdiklərini; Yasin Məmmədovun barəsindəki həbs qəti-imkan tədbirinin dəyişdirilməsini; qismən məhkəmə istintaqının aparılması və vəsatətlərində adlarını qeyd etdikləri şəxslərin məhkəmə iclasında şahid qismində dindirilmələrini xahiş edib.

Məhkumlar Vüsal Ələkbərovla Sahib Ələkbərovun vəkilləri də vəsatətlə çıxış edərək müvəkkillərinin barəsindəki həbs qəti-imkan tədbirinin dəyişdirilməsini xahiş ediblər.

Mövlam Şıxəliyevin vəkili: “Protesti bizə də verin!”

Açıklama yok.

Bundan sonra Mövlam Şıxəliyevin vəkili Ceyhun Yusifov dövlət ittihamçısının məhkəmə təqdim etdiyi protestin ona və müvəkkilinə verilmədiyini bildirib. Vəkil protestin təqdim edilməsi üçün iclasın təxirə salınmasını istəyib.

Hakim isə bildirib ki, protest proses iştirakçılarına, onların vəkillərinə təqdim olunub.

Mövlam Şıxəliyevlə birgə məhkum olunmuş keçmiş işçisi Yasin Məmmədov uca səslə sabiq şefini və onun vəkili Ceyhun Yusifovu yalan danışmaqda ittiham edib.

Mövlam Şıxəliyev Yasin Məmmədovun sözlərini eşidərək ona qınayıcı nəzərlərlə baxıb, lakin bir söz deməyib.

Vəkil  isə israrla bildirib ki, protest ona və müdafiə etdiyi şəxsə təqdim olunmayıb, iş materiallarında protestin onlara verilməsini təsdiq edən hər hansı bir sənəd yoxdur.

Mövlam Şıxəliyev də hakimin diqqətinə çatdırıb ki, o, bütün sənədləri alarkən bunun təsdiqi olaraq mütləq şəkildə imza atıb:

-İmzam varsa, təqdim edin. Yoxdursa, bizə protesti təqdim edin, tanış olaq. Deyirsiz ki, məqsəd nədir? Anar Heydərov adlı zərərçəkən məhkəməyə gəlmədi, onun epizoduna baxılmadı, amma hökm çıxarıldı. Bundan məqsəd nədir? Məqsəd sifarişdir də...

Yerdən zərərçəkənlər protestin Mövlam Şıxəliyevə və vəkilinə təqdim olunmasını istəyirlər. Məhkəmə katibi protesti Mövlam Şıxəliyevin vəkilinə təqdim edib.

Vəkil onun və müvəkkilinin protestlə tanış olması, etiraz yazmaları üçün məhkəmə islasının təxirə salınmasını istəyib:

-Təxirə salın, vəkil qul deyil ki...

Hakim:

-Əyləşin. Siz Ceyhun Yusifov məhkəmə prosesi pozursuz. Məhkəmə iclası 15:00-a qədər təxirə salınır.

Vəkil:

-Mən gəlməyəcəyəm, başqa prosesim var.

Hakim:

-Məhkəmə prosesi sabah 11:00-a qədər təxirə salınır.

Digər vəkillər isə deyirlər ki, dekabrın 6-da Vəkillər Kollegiyasının konfransı var, ora dəvətlidirlər, bu səbəbdən məhkəməyə gələ bilməyəcəklər.

Bundan sonra məhkəmə 12 dekabra qədər təxirə salınıb.



Xəbərin oxunma sayı : 1348

loading...

Gündəm

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap