Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

Moskvada 9 may boşluğu – CNN

Tarix 07.05.22, 23:34

Font ölçüsü : - / +
bitmap-img6


Mayın 9-u İkinci Dünya müharibəsinin başa çatmasının 77-ci ildönümüdür. Rusiya paytaxtı Moskvada ənənəvi hərbi parada hazırlıq görülür. İki aydan çoxdur Ukraynada qanlı müharibə aparan Rusiyanın, ölkənin prezidenti Vladimir Putinin həmin gün Ukrayna üzərində də zəfər çaldığının görüntüsünü yaratmağa çalışacağı haqda fikirlər dolaşır.

Dünyanın aparıcı siyasi institutlarından olan, baş ofisi London şəhərində yerləşən “Chatham House” Beynəlxalq Münasibətlər Mərkəzinin Rusiya-Avrasiya Proqramının direktoru Ceyms Niksi də bu fikrə şərikdir.

Novator.az-ın məlumatına görə, Ceyms Niksi ABŞ-ın CNN kanalının internet səhifəsində dərc etdirdiyi məqaləsində bildirir ki, Putin builki 9 may paradını “Ukrayna zəfəri” görüntüsünü yaratmaq məqsədilə məxsusi formada keçirə bilər: “Gerçəkdə isə vəziyyət Rusiyanın Ukraynada ümid bəslədiyi qələbədən çox uzaqdır. Ona görə də mayın 9-u Putinə yalnız Ukrayna üzərində simvolik qələbə elan etmək fürsəti verir. Onun manipulyasiyaya məruz qoyduğu, sanksiyalardan bezmiş auditoriyasını ruhlandırmaq üçün vətənpərvərlik hissiylə oynayacaq bir nümayişə əl atacağı gözləniləndir”.

Məqaləsində İkinci Dünya müharibəsinin tarixinə ekskurs edən müəllif yazır ki, əslində Sovet İttifaqı faşist Almaniyası ilə toqquşmazdan qabaq onunla əməkdaşlıq edib. Məqsəd isə Şərqi Avropanı bu iki totalitar rejim arasında bölmək olub: “Ancaq 1941-ci ildə həmin tərəfdaşlıq pozuldu, Almaniya SSRİ-yə hücum çəkdi. Sonda isə İngiltərə, ABŞ və Kanadanın hərbi-texniki və ərzaq yardımları Sovet İttifaqının Almaniya üzərində qələbəsində həlledici rol oynadı.

SSRİ İkinci Dünya müharibəsində on milyonlarla hərbçisini, dinc sakinlərini, o cümlədən Ukrayna və Belarusdan olan xeyli əsgər və zabitini, mülki vətəndaşını itirdi.

Sovet lideri İosif Stalin 30 illik hakimiyyəti dövründə istər öz ölkəsində, istərsə də işğal etdiyi ərazilərdə Adolf Hitlerdən də çox insan qırıb. Amma indi Rusiyada bunu demək, Sovet İttifaqının törətdiyi vəhşilikləri faşist Almaniyasının vəhşilikləri ilə müqayisə etmək rəsmən cinayət sayılır. Moskvada 9 may paradının keçirildiyi Qırmızı meydanda, Kreml Divarı Nekropolunda dəfn olunmuş Stalinin məzarı üzərinə hələ də gül dəstələri qoyulur”.

Məqaləsində Rusiya prezidenti Vladimir Putini siyasi iddiaların beynəlxalq səviyyədə tanınmış sərhədlərlə məhdudlaşmalı olduğuna inanmayan qatı millətçi kimi xarakterizə edən Ceyms Niksi vurğulayır ki, bu məsələdə rusiyalıların çoxu heç də Putindən fərqlənmir, çünki onlar da keçmiş sovet respublikalarını müstəqil dövlət hesab etmirlər.

Müəllifin fikrincə, postsovet məkanında Ukrayna Putinin gözündə xüsusi önəm daşıyır: “Ancaq xoşbəxtlikdən Ukraynanın gələcəyi ukraynalıların özü üçün də çox önəmlidir. Putin Ukrayna əhalisinin iradəsinə xəyanət kimi baxır, o, ümumiyyətlə Ukrayna xalqının mövcudluğunu tarixi təhrif sayır. Ukraynanın Qərbə inteqrasiyasının qarşısını almaq üçün gördüyü diplomatik tədbirlər uğursuzluğa düçar olduğundan Putin daha sərt metoda keçməli olub.

Amma Putin, doğrusunu desək, Qərb analitiklərinin də əksəriyyəti Rusiya ordusunun nə qədər korrupsiyalaşdığını və səriştəsiz hala düşdüyünü dərk etməyib, onun guya modern, peşəkar bir ordu olduğuna inanıb”.

Ceyms Niksi yazır ki, əgər Putinin öz ordusundan 9 maya kimi Ukraynada qələbə tələb etməsi barədə deyilənlər düzdürsə, o zaman Rusiya liderinin müharibənin ilk iki ayında uğradığı biabırçı məğlubiyyətlərdən sonra hökmən nəyəsə nail olmağa çalışdığını düşünməyə əsas var: “Moskvanın Kiyevi ələ keçirmək cəhdi iflasa uğrayıb, heç bir donanması olmayan Ukrayna hətta Rusiya Hərbi Dəniz Donanmasına məxsus “Moskva” gəmisini də dənizdə batıra bilib.

Rusiya indiyədək Ukrayna müharibəsində 15 mindən çox hərbçisini itirib. Bu, Rusiyanın Suriyada, eləcə də bir vaxt Çeçenistanda, Gürcüstanda, 2014-cü ildə Ukraynada apardığı müharibələrdə verdiyi itkilərdən daha çoxdur.

Putinin “B” planı (bəlkə də “F “, ya da “G” planı) səyləri artırmaq, quru qoşunlarını ikiqat gücləndirmək, habelə şərqi Ukraynanın böyük hissəsini ələ keçirməkdən ibarətdir. Kremlin Qara dənizin qalan sahillərini ələ keçirəcəyi ehtimalı isə zəifdir.

Putinin yeni planını mayın 9-dək həyata keçirə bilib-bilməyəcəyi sual altındadır. Ukraynalılar hələ də silah-sursatla təchiz olunur və onların döyüş ruhu yüksək səviyyədədir. Ancaq Kiyev müharibə ilə bağlı əsas məlumatları sirr saxladığından biz Ukrayna Silahlı Qüvvələrinin gerçək durumunu da tam bilmirik.

Hər halda güman etmək olar ki, qarşıda kifayət qədər ciddi problemlər durur. Çünki Rusiya Ukraynanın şərqində – Donbas bölgəsində daha çox torpaq ələ keçirməyə çalışır. Ona görə qarşıdakı həftələrdə döyüşlərin şiddətlənəcəyi ehtimal edilir”.

Ceyms Niksinin fikrincə, Kremlin taktikası dəyişə bilər, strategiyası, ümumi məqsədi isə dəyişməz qalır: “Strategiya belədir ki, Ukrayna Avropaya, Qərbə üz tutmaq seçimini edə biləcək müstəqil dövlət olmamalıdır.

Lakin Rusiya bu məqsədinə çata bilməz. Kreml artıq Ukraynanı siyasi və fiziki baxımdan özünə tabe etdirmək imkanını itirib. Rusiya nə siyasi arenada özünü buna qadir ölkə kimi göstərə bilib, nə də döyüş meydanında. Problem isə ondadır ki, Rusiya hələ də bunu dərk etmir, ona görə həm öz adamlarını, həm də ukraynalıları ölümə verməkdə davam edir.

Rusiyanın təkcə Ukraynaya qarşı deyil, bütövlükdə ona sərf etməyən beynəlxalq nizama qarşı müharibə apardığını isə dərk etdiyi bəllidir. Bunu Kremlin ən azı 10 ildən çoxdur yürütdüyü siyasətdən görmək olur. NATO da bunu bilir.

Əgər sanksiyaların ardı gələrsə, Avropa Rusiyanın enerji təchizatından, əcnəbi investorlar Rusiyaya sərmayə yatırmaqdan üz döndərməkdə davam edərsə, ilin sonuna Kremlin pulu tükənəcək. Bu isə Moskvanı öz siyasətində dəyişiklik etmək məcburiyyətində qoya bilər. Təbii ki, bütün bunlar mayın 9-dək baş verməyəcək. Bu dəyişikliklər həmin günədək nə müharibənin gedişində hiss olunacaq, nə də sadə rusiyalıların həyatında.

Beləliklə, qarşıdakı 9 may paradı Rusiyada həmişəki kimi yalnız güc nümayişindən ibarət olacaq. Amma həmin gün bir boşluq da duyulacaq. Güman edirəm o boşluq, o aclıq Ukraynanı uda, həzm-rabedən keçirə bilməmiş Putinin mədəsində də hiss olunacaq”.



Xəbərin oxunma sayı : 904




Analiz

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap