Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO Rozanın obrazı səs-küy yaratdı - VİDEO Məşhurlar instaqramda - FOTOLAR Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR
Axtar
 
  • / Maqazin / — 14 Aprel 2024

    Aygün Kazımova görnüşü ilə göz qamaşdırdı - VİDEO

  • / Maqazin / — 13 Aprel 2024

    Rozanın obrazı səs-küy yaratdı - VİDEO

  • / Maqazin / — 12 Aprel 2024

    Məşhurlar instaqramda - FOTOLAR

  • / Maqazin / — 11 Aprel 2024

    Nəsrin Cavadzadə çimərlik geyimində - FOTOLAR

  • / Maqazin / — 30 Mart 2024

    Aygün Kazımova geyimi ilə diqqət çəkdi - VİDEO

  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

Baş nazir monopolistləri sevindirdi… – Yeni rüsumlardan kim uddu, kim uduzdu?

Tarix 05.08.18, 19:50

Font ölçüsü : - / +
bitmap-img6

Hökumətin mobil telefonlara digər məişət cihazlarından fərqli olaraq, xüsusi önəm verməsi və onların idxalı ilə bağlı müxtəlif tarif və qadağalar tətbiq etməsi qətiyyən əhalinin xeyrinə atılmış addım hesab edilə bilməz. Xüsusilə də mobil telefonların qeydiyyat rüsumunun birdən-birə 6 dəfədən 30(!) dəfəyədək artırılması ilə bağlı baş nazir Novruz Məmmədovun bu günlərdə imzaladığı qərarın istər alıcıların, istərsə də dövlətin özünün büdcəsinə müsbət təsir etməyəcəyi ehtimalı olduqca yüksəkdir.

Xatırladaq ki, son qərarla 5 manat olan qeydiyyat rüsumu telefonun qiymətindən asılı olaraq, 30-150 manatadək artırıldı:

Bazar qiyməti 100 ABŞ dollarına qədər olduqda – 30 manata,

bazar qiyməti 101 ABŞ dollarından 200 ABŞ dollarına qədər olduqda – 50 manat,

bazar qiyməti 201 ABŞ dollarından 400 ABŞ dollarına, qədər olduqda – 60 manat,

bazar qiyməti 401 ABŞ dollarından 700 ABŞ dollarına qədər olduqda – 70 manat,

bazar qiyməti 701 ABŞ dollarından 1 000 ABŞ dollarına qədər olduqda – 100 manat,

bazar qiyməti 1001 ABŞ dollarından yuxarı olduqda 150 manat.

Ümumiyyətlə bu qərar olduqca anormal görünür. Çünki istənilən normal ölkənin normal hökuməti bu və ya digər rüsumu, yaxud vergini müəyyən faizlə artırır, yaxud azaldır. Yəni artım, yaxud azalma faizlə ölçülür, dəfə ilə, özü də 30 dəfə ilə yox. Demək belə nəticə çıxır ki, ya Artur Rəsizadə hökuməti öz vəzifəsini düzgün icra etməyib və indiyə kimi bu sahəni nəzarətsiz buraxıb, ya da yeni hökumət kimlərinsə sifarişinə və istəyinə uyğun olaraq, belə kəskin artıma imza atıb. Bəs daha çox kimlərə sərf edir bu qərar?

İlk növbədə bu artımın alıcıların maraqlarına uyğun olmadığı birmənalıdır. Məsələ ondadır ki, istehlakçıların müəyyən qismi mobil telefonları ya özlərinin xarici səfərləri zamanı əldə edirlər, ya da yaxınları onlar üçün xaricdən gətirirlər. Və bu zaman Azərbaycanın daxili bazarındakı satış qiymətinə nisbətdə, modelindən asılı olaraq, 100-200 manat və bəzi hallarda isə daha çox vəsaitə qənaət etmiş olurlar. Alıcıların digər qismi isə ölkə daxilində kiçik sahibkarlara aid və rəsmi distribyutor olmayan telefon mağazalarından nisbətən ucuz qiymətə telefon almaq imkanına malik idilər. Belə ki, bu sahibkarlar özlərinin və yaxud yaxınlarının vasitəsilə xaricdən gətirdikləri telefonları alıcının adına 5 manata qeydiyyatdan keçirirdilər. Və eyni telefonu rəsmi distribyutorun, yəni ki, həm də monopolistin təklif etdiyi qiymətdən təqribən 50-200 manat ucuz sata bilirdilər. Nəticədə həm alıcı, həm də kiçik sahibkar qazanmış olurdu.

mobil-telefon

Əvvəlki rüsumlardan dövlət büdcəsi də az qazanmırdı. Çünki xaricdən telefon gətirilməsi sərfəli olduğundan qeydiyyat sayı da kütləvi halda və olduqca çox idi. Göründüyü kimi, həm əhali, həm mobil telefon biznesilə məşğul olan kiçik sahibkarlar, həm də dövlət bundan müəyyən qazanc əldə edə bilirdi.

Bu vəziyyətdən narazı qalan yeganə tərəf isə monopolistlər idi. Və sentyabrın 1-dən tətbiq ediləcək yeni qeydiyyat rüsumlarından sevinən tərəf də yalnız onlar olacaq. Belə ki, yeni rüsumlar, xüsusilə də kasıb və orta təbəqənin istifadə etdiyi 100 dollardan 700 dollaradək olan telefonların xaricdən alınıb gətirilməsini demək olar ki, mənasız edir. Çünki rəsmi distribyutor adı daşıyan inhisarçının təklif etdiyi qiymətlə fərdi qaydada gətirilən telefonun alış dəyərilə yeni rüsumun cəmindən yaranan qiymət arasında elə bir əhəmiyyətli fərq qalmır. Onu da xüsusi qeyd etməliyik ki, hazırda tələbatın yüksək olduğu telefonların böyük əksəriyyəti iki kartlıdır. Və gətirilən telefonların hər iki kartının işləməsi üçün iki dəfə qeydiyyat yerinə yetirilir ki, bu da ikiqat rüsum ödənişi deməkdir. Nəticədə, misal üçün “Samsung”un rəsmi nümayəndəsi olan “İnteqral”-ın mağazalarında satışda təqribən 450 dollara olan telefon fərdi qaydada gətirdikdə qeydiyyat rüsumu ilə birgə təxminən 435-440 dollara başa gələcək. Bu fərq isə onu gətirən kiçik sahibkara sərf etmir. Heç istehlakçıların özlərinin də xaricdən telefon alıb gətirmələrinin əhəmiyyəti qalmır. Bu isə qeydiyyat sayını da çox kəskin şəkildə aşağı salacaq. Nəticədə yeni rüsumlardan büdcəyə daxil olan vəsaitin azalması ehtimalı yaranır.

Burada yeganə müsbət cəhət xarici turistlərin özlərilə gətirdikləri telefonları qeydiyyata salması nəticəsində daxilolmaların artması ehtimalı ola bilər. Lakin qeydiyyat müddətinin 1 ay olduğunu və turistlərin də böyük əksəriyyətinin daha az müddətə gəldiyini nəzərə alsaq, bu istiqamətdən də ciddi artım gözləməyə dəyməz. Digər tərəfdən, bu rüsumlar turistlər üçün də artıq xərc deməkdir və qətiyyən onların komfortuna xidmət etmir.

Göründüyü kimi, nə əhali, nə də büdcə üçün bu rüsumlardan müsbət nəticə gözləməyə dəymir. Əvəzində mobil telefon inhisarçıları xeyli irəli düşmüş olur – satış və müvafiq olaraq, qazanc artır. Hətta fürsətdən istifadə edərək, onlar tərəfindən qiymətlərin artırılması ehtimalı da olduqca yüksəkdir.

Əlbəttə, kimsə deyə bilər ki, rəsmi distribyutorların satışının və qazancının artması onların büdcəyə ödədikləri verginin də artmasına səbəb olacaq. Ancaq bu inhisarçıların kimlər olduğu və arxalarında kimlərin durduğunu nəzərə alanda, vergi daxilolmalarının artacağı ehtimalı bir qədər şübhəli görünür. Məsələn, mətbuatda dəfələrlə “Samsung” və digər bir çox modellərin monopoliyasının Vladimir Putinin dostu kimi tanına İlham Rəhimovun kürəkəninə aid olduğu iddia edilib. Hətta bu məsələ ilə bağlı onun özünün də bəzi açıqlamaları olub.

Onu da qeyd edək ki, Fazil Məmmədovun vaxtında Vergilər Nazirliyi həmin distribyutorla bağlı böyük vergi yoxlaması aparmışdı. Bu barədə o vaxt mətbuata hər hansı məlumat verilməsə də, uzun müddət sözügedən inhisarçı şirkət mobil telefonların topdan satışını dayandırmış, ofisini bağlamışdı. Bu hal belə nəticəyə gəlməyə əsas verirdi ki, şirkətin vergidən yayınması ilə bağlı ciddi şübhələr mövcud olub. Sonradan bu problem necəsə həll olundu…

Demək istədiyimiz odur ki, satışın və gəlirin həcminin artmasının mütləq vergi daxilolmalarının da artması ilə nəticələnəcəyini söyləmək biraz çətindir.

Ona görə də yaxşı olar ki, bir neçə aydan sonra hökumət tərəfindən telefon qeydiyyatı rüsumlarının artırılmasından büdcəyə daxil olan vəsaitin həcmi bəyan edilsin və göstəricilər əvvəlki dövrlə müqayisə edilsin. Eynilə monopolist şirkətlərin həmin dövrdə ödədikləri verginin məbləği açıqlansın və bu göstəricilər də əvvəlki dövrlə müqayisə olunsun. Onda görərik ki, bu anormal qərardan kimlər uddu, kimlər uduzdu…

AzPolitika.info





Xəbərin oxunma sayı : 1261




Gündəm

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap