Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR Türkan dəyişib belə oldu - FOTO Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI
Axtar
 
  • / Maqazin / — 26 Mart 2024

    Enerjidən yata bilmirəm... - Müğənni Aygün Ağayeva

  • / Maqazin / — 10 Mart 2024

    Dünyanın ən gözəl qadınının adı açıqlanıb - FOTOLAR

  • / Maqazin / — 09 Mart 2024

    Türkan dəyişib belə oldu - FOTO

  • / Maqazin / — 07 Mart 2024

    Küsülü olan azərbaycanlı məşhurlar - SİYAHI

  • / Maqazin / — 05 Mart 2024

    Xatirə qırmızıya büründü - Fotolar

  • / Maqazin / — 18 Fevral 2024

    “Məni bəyənməyənlər zövqsüzdür...” - Nura Suri

“Mən rəhbərlərə yaltaqlanmamışam...” -“80 yaşım var, nə üçün satılım?!“

Tarix 01.10.21, 9:50

Font ölçüsü : - / +
bitmap-img6


Xalq artisti Flora Kərimovanın "Yeni Azərbaycan" qəzetinə müsahibəsini təqdim edirik:

- Flora xanım, bircə dəfə “daha müxalifətə gərək yoxdur” deməklə müxalifət sizə qarşı cəbhə açdı, sizi sildi, düşmən siyahısına saldı. Onların sırasında keçirdiyiniz illərə heyfiniz gəldimi?...

- Heç bir dediyim sözə, yaşadığım ana heyfslənmirəm. Çünki həmin anda o vəziyyəti elə görüb vətəndaş mövqeyimi dilə gətirmişəm, inandığımı danışmışam. Vicdanımın səsini dilləndirmişəm.

Bilirsiniz, vicdanını qoltuq altında gəzdirənlər çoxdur, vicdan o zaman özünü təhqir olunmuş sayır, insan vicdanını alçaldanda özü alçalır, çürüyür. Mən “qurşaqdan aşağı vicdan” məhfumunu dərk edirəm, amma baş əymirəm. Belə adamların nə vətəninə, nə onun şəhidinə, nə sağlam övladına, nə dininə, nə bu gününə, nə də sabahına hörməti var. Belələrini ancaq özünün maraqları düşündürür. Vətəni qorumaq üçün aslan ürəyi lazımdır. Mən İlham Əliyevə "aslan ürəkli insan" deyirəm. İllərlə düşünüb, bu gün üçün zəmin yaradıb, illərlə çəkilən zəhmətin bəhrəsini mən bu gün gördüm. Mən bu adamın qarşısında baş əyməyə bilmərəm. İstəyir kütlə düşüncəsiylə müxalifət cəbhəsindəkilər məni çarmıxa çəksinlər, istəyir mənə “satılmış” desinlər... Mən Vətənimin, torpağımın bütövlüyünü istəyirdim, onu da gördüm. Mən onun gördüyü işləri deməsəm, Allah cəzamı verər. Yeganə xalqıq ki, “şəhidlik zirvəsinə ucaldı” kəlməsini işlədirik. Vətən yolunda ölümü ucalıq kimi görürük. Biz bu azadlıq naminə qanımızdan, canımızdan keçmişik. Bunu deməyib, başqa nəyi deyək?! Mənim 80 yaşım var, nə üçün satılım?! Satılmadım, satılmadım, 80 yaşında satıldım? Nə üçün? Məzar üçün, ya Fəxri xiyabandakı yer üçün?

- Bugünkü müxalifətin mübarizə formasından razısınız?

- Çoxunun öz maraqları naminə, kimlərdənsə nə qədərsə vəsait alaraq müxalifətçi olduğunu bilirik. Kütlənin qınağından qorxub real həqiqətləri dilinə gətirə bilməyənlərin mənim Vətən sevgimə, cəsarətimə şübhəsi var. Sizlərdən fərqli olaraq “çox sağ ol” deməyə səmimiyyətim çatır. İndi nə var “müxalifətçilik” etməyə?! Bu gün siz tox qarnınızla, xaricdən gələn böyük imkanlarınızla müxalifətçisinizsə, mən sovetlərdən qanı bahasına canını qurtaran, indiki şəhidlərdən çox şəhidi, yarası, itkisi olan dövrün müxalifəti olmuşam! 25 il qadağada olan, səsi bütün efirlərdən kəsilən sənətkaram. Demişəm, yenə təkrar edirəm: mənim davam torpaq, qürur davası olub, qarın yox! Mən haqq bildiyimi danışmışam, bu gün də həqiqət bildiyimi deyirəm. Əgər mən bu torpağın qəhrəmanına satılmışamsa, min dəfə deyin, təki bu "satqınlığın" nəticəsi olsun. Millətimin namusu toxunulmaz olsun. Torpaq namusdur, bu qədər möhtəşəm iş görülüb, Qarabağı yalnız ermənilərin yox, neçə-neçə böyük güclərin əlindən qoparıb geri almışıq. Bunu dərk etmək lazımdır.

- Flora xanım, dövlət başçısı tərəfindən təltif olunmağınızı necə qiymətləndirirsiniz?

- Bu, dövlətin mənə olan münasibəti idi. Mən dövlətə xəyanət etməmişəm, amma rəhbərlərə də yaltaqlanmamışam. Onlar mənim ürəyimi, münasibətimi gördülər. Böyüklük etdilər. Əslində, mənə verilən bu fəxri adlar məni müxalifət tərəfindən söyülmək riski altına saldı. Trollar var, sosial şəbəkələrdə ağızlarına gələni yazır, sonra səhifələrini bağladırlar. Mən Prezident təqaüdümün ilkini qazilərimizə verdim. Onda da çıxdılar söydülər ki, özünə şöhrət qazanmaq üçün belə edir. 80 yaşımda mənə nə şöhrət? Mən 13 yaşımdan göz önündəyəm, ən böyük səhnələrdə, efirlərdə olmuşam, mənim bu şəkildə populyarlıq qazanmağa ehtiyacım varmı? Mənə düz danışmaq, sözübütöv olmaq gücünü torpağıma hopan qanlar verdi, bölünmüş Vətənim üçün ağladığım günlərim verdi. Mənim bütün dərdim-sərim işğal altındakı Vətən torpaqlarım olub, bunu da dönə-dönə demişəm.

- Qələbədən sonra hansı hissləri yaşayırsınız?

- Dünən yanlış bir xəbər eşitdim, inanın ki, mənim həyəcandan, əsəbdən, ağlamaqdan təzyiqim yüksəldi. Səhv bir məlumat eşitdim ki, guya Minsk Qrupu gəlib, yenə öz bildiyini edəcək. Nə qədər stress keçirdim. Yaşlanmışam, bəzən rusdilliyəm deyə oxuduğum materialı səhv başa düşə bilirəm. O saat köməkçilərimə, inandığım adamlara üz tuturam, soruşuram ki, bizdən heç nə geri alınmadı, heç kim bizə heç nə eləmədi ki, əlimizdən nəyisə almadılar ki? Heç kim mənim günümü yaşamasın. Mənə Allah ürəyimə bu dərin hissiyatı, bu qədər böyük Vətən sevgisi verməklə, bəlkə də, cəza verib. Mən heç zaman özüm üçün göz yaşı tökmədim, amma bu yaşa çatmışam, torpağım, Vətənim üçün körpə uşaq kimi titrəyirəm.

- Amma müxalifəti hətta qələbə sevincimiz belə qane eləmədi. Sizcə niyə?

- Bilirsiniz, bir çox özünə müxalifətçi deyənlər çıxıb boş-boş populist çıxışlar edirlər, kütlə də onlara inanır. Amma o kütlə demir ki, o raket başqasının yox, mənim evimə düşsəydi, nə edərdim? Kənardan durub gurultulu sözlər demək asandı, amma o sponsorlu müxalifətçilərin özlərinin evinə, bağına raket düşsəydi, balaları həlak olsaydı, necə olardı? Bunu düşündülərmi? Bunu öz hissləri üzərində sınadılarmı? Gərək Bakını da düşmənlərimiz vuraydı, partladaydı? Onda ürəkləri soyuyacaqdı? Axı nə istəyirlər, arzuladıqları nədir? Siyasət böyük ağıl işidir. Vətəni ürəklə sevmək, ağılla qorumaq lazımdır, gurultulu sözlərlə yox.

Müxalifətçilik intellektlə Vətənə olan sevginin vəhdətidir. İndiki söyüş müxalifətini mən qəbul edə bilmərəm. Bu, Azərbaycan adına yaraşmaz. Kiminsə qadınına, anasına, bacısına söymək mübarizə üsulu deyil. Bu nədirsə, o qədər alçaq bir işdir ki, mən ona deməyə ayrı söz tapmıram, ifadə edə bilmirəm. Siz söyərkən hədəfə Azərbaycanı qoyursunuz. Bu söyüşləri söyərkən hədəfiniz bütün Azərbaycan qadınlarıdır. Müxalifət həqiqi olmalıdır. Müxalif fikir olmalıdır, müxalifət qarın güdmək üçün yol olmamalıdır. Bu söyüşü söyüm, filankəsi təhqir edim, əvəzində pul qazanım, xalqın gözündə düz danışan adam kimi yüksəlim, amma qazanım - bu düşüncələrlə müxalifətçilik etmək Vətəni satmaq deməkdir, bu cür yaşamaq, yalan müxalifət olmaq xainlik deməkdir. Bu milləti bölmək olmaz.

Üz tutub soruşuram, nə üçün bölürsünüz bu xalqı, müharibəyə gedən xalq sizdən soruşdu getdi? Ölümə getdiklərini bilə-bilə getdilər, Vətən uğrunda savaşmaq üçün növbələrə düzüldülər, səfərbərlik xidmətlərinin qarşısında gənclərimiz “bizi də aparın” deyib az qala dava edirdilər. Belə bütövürəkli bir cəmiyyətimiz var. Bu birliyə xələl gətirmək məncə, günahdır. Niyə ara qızışdırırsınız? Mən həm iqtidara, həm də müxalifətə deyirəm. Bir-birinizdə düşmən axtarmayın, hamı bir millətin övladıdır.

- Torpaqlarımız alındı. İndi hansı arzunuz qalıb?

- İnsan arzuları bitməz-tükənməzdir. İndi tək arzum nəvəm balaca Floranı görüb, bağrıma basmaq, qoxulamaqdır. Pandemiyaya görə ayrı düşmüşük. Ömür vəfa eləsin təki. Bu gün iqtidar bu qələbəylə məni bir insan kimi ucaltdı. Hamımız xalq, millət kimi ucaldıq. Biz daha utanmırıq, sınmırıq. Sabah bu iqtidarın xalqıma, torpağıma qarşı bir səhvi olsa, mən susmaram, etiraz səsimi ucaldaram, amma mən İlham Əliyevin böyük torpaq sevgisini gördüm. Onu tanıdım, sevdim. Ona görə də, arxayın öləcəyəm...

İlhamə Rəsulova



Xəbərin oxunma sayı : 538




Müsahibə

Xəbərlər

ARXİV
Əlaqə | Haqqımızda  
Buy website traffic cheap